Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ruy Jorje Yaponiya U-20 yığması ilə keçirilən yoxlama oyunundan sonra komandanın inkişaf yolunun başlanğıcında olduğunu bildirib.
Mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında güclü rəqiblə mübarizə apardıqlarını deyib. Onun sözlərinə görə, futbolçularda fiziki çatışmazlıqların olması bu mərhələdə normaldır.
“Hazırda yolun başlanğıcındayıq. Futbolçularda fiziki çatışmazlığın olması normaldır. Buna görə matç ərzində tez-tez dəyişikliklər edirdik. Gələcəkdə futbolçular çatışmazlıqları aradan qaldıracaqlar”, – Ruy Jorje qeyd edib.
Azərbaycan və Yaponiya U-20 komandalarının oyununun əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında Azərbaycan millisi 5:4 hesabı ilə üstün olub.
Kontekst
Xatırladaq ki, oktyabrın 3-də Qəbələdə keçirilən yoldaşlıq görüşündə Azərbaycan U-20 millisi Moldova komandasına 0:1 hesabı ilə məğlub olmuşdu.