Portuqaliyalı mütəxəssis Ruy Jorjenin Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisində öz oyun fəlsəfəsini tətbiq etməsi üçün zamana ehtiyacı var. Bunu “Neftçi”nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov bildirib.
Azərbaycan millisinin sabiq futbolçusu U-20 yığmasının Moldova və Yaponiya ilə yoxlama görüşlərini izlədiyini, komandanın çıxışının onda müsbət təəssürat yaratdığını deyib. Məmmədovun fikrincə, beynəlxalq yoldaşlıq oyunlarının mütəmadi keçirilməsi futbolçuların təcrübə toplaması baxımından əhəmiyyətlidir.
O bildirib ki, oyunçuların əksəriyyəti əvəzedici komandaların çempionatında çıxış edir və onların hər biri Azərbaycan futbolunun gələcəyidir. Məmmədov dünya çempionatında iştirakın həm yığma, həm də ayrı-ayrı futbolçular üçün böyük imkan yaradacağını qeyd edib. Onun sözlərinə görə, turnirdə çıxış edən futbolçular skautların diqqət mərkəzində olacaqlar.
Qəbələdə keçirilən ilk yoxlama matçında Azərbaycan U-20 millisi Moldovaya 0:1 hesabı ilə uduzub. Yaponiya ilə görüşün əsas vaxtı qolsuz başa çatıb, penaltilər seriyasında isə Azərbaycan yığması 5:4 hesabı ilə qalib gəlib.