AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmada iştirak edən bütün vəzifəli şəxslərə əməllərinə uyğun hüquqi qiymət veriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə keçirilən görüşü zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiya qəzanın səbəblərinin obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcək:
“Rusiya obyektiv araşdırma aparacaq və qəzanın əsl səbəblərini müəyyən edəcək. İstintaqı tam başa çatdırmaq və bütün məqamları dəqiqləşdirmək üçün bir qədər vaxt tələb olunacaq,” – deyə o vurğulayıb.
Rusiya lideri qeyd edib ki, ölkəsi təbii fəlakət və qəza hallarında qərəzsiz və şəffaf istintaqa sadiqdir.
Bundan əlavə, Putin qəzaya səbəb ola biləcək mümkün amillərdən birinin səmada Ukraynaya məxsus pilotsuz uçuş aparatının olması ehtimalı olduğunu da açıqlayıb.
Prezident həmçinin bildirib ki, AZAL təyyarəsinin uçuş heyətinə Mahaçqalaya eniş imkanı təklif olunub, lakin ekipaj öz hava limanına – Bakıya qayıtmağa qərar verib.