ABŞ Dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının alt komitəsində çıxışı zamanı İsrailin Qəzza zolağı ilə bağlı niyyətlərinə dair sualları cavablandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident Donald Trampın 2027-ci maliyyə ili üçün büdcə tələbinin müzakirəsi zamanı demokrat konqresmen Roza DeLauro ona İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza ərazisinin 70 faizinin ələ keçirilməsi barədə göstərişini xatırladıb.
Rubio sözügedən planın ABŞ-nin strategiyası ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. O, ABŞ-nin özünəməxsus bir yol xəritəsinin olduğunu qeyd edərək bildirib:
"Bizim bir planımız var və bu plan belə bir addımı nəzərdə tutmur. Netanyahu bu açıqlamanı versə də, bu, bizim planımızın bir hissəsi deyil".
Dövlət katibi həmçinin Qəzzaya maliyyə yardımlarının göstərilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, HƏMAS tərksilah olunmadığı təqdirdə, bölgəyə heç bir maddi dəstək verilməyəcək. Rubio bu yanaşmanı belə izah edib:
“Beynəlxalq ictimaiyyət yeni bir müharibənin başlaya biləcəyindən narahatdır. Maliyyə yardımlarının təhlükəsizlik təminatı olmadan ayrılması riskli hesab olunur”.