ABŞ-də keçirilən yeni sorğu amerikalıların yalnız 33 faizinin Prezident Donald Trampın fəaliyyətindən razı olduğunu göstərib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yaşı 18-dən yuxarı olan 1 589 respondent arasında aparılan sorğuda amerikalıların Trampın prezidentlik fəaliyyətinə münasibəti araşdırılıb.
Nəticələrə əsasən, respondentlərin 33 faizi Trampın prezident kimi fəaliyyətini dəstəklədiyini bildirib.
Sorğuda iştirak edənlərin 62 faizi isə onun fəaliyyətini bəyənmədiyini deyib.
Trampa dəstək partiya mənsubiyyətinə görə kəskin fərqlənib. Respublikaçı seçicilər arasında prezidentin fəaliyyətini bəyənənlərin payı 79 faiz olduğu halda, Demokrat seçicilər arasında bu göstərici cəmi 4 faiz təşkil edib.
ABŞ mediasında yayılan şərhlərdə Trampın İran müharibəsi və iqtisadi siyasəti kimi məsələlərdə mövqeyinin seçicilər arasında ciddi fikir ayrılığı yaratdığı qeyd olunub.
Quinnipiac Universitetinin iyulun sonunda keçirdiyi sorğuda da oxşar tendensiya müşahidə edilmişdi. Həmin araşdırmaya görə, Trampın prezidentlik fəaliyyətini uğurlu hesab edən amerikalıların nisbəti 32 faizə qədər geriləmişdi. Respublikaçı seçicilər arasında Trampa dəstək isə 76 faizə düşmüşdü.