“Real Madrid”in müdafiəçisi Raul Asensio sağ ayağının böyük qamış sümüyündə yaranan stress sınığı səbəbindən əməliyyat olunacaq. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
“Marca”nın yazdığına görə, 22 yaşlı futbolçunun bərpa müddəti iki-dörd ay təşkil edə bilər. Beləliklə, Asensionun mövsümün mühüm hissəsini buraxmaq ehtimalı var.
Əməliyyat məsələsi hələ ötən mövsümün sonunda gündəmə gəlib. Zədələnmiş nahiyəyə düşən yükü azaltmaq və reabilitasiyanı sürətləndirmək məqsədilə aparılan müxtəlif xüsusi prosedurlar və konservativ müalicə gözlənilən nəticəni verməyib.
Problem futbolçu başqa bir əzələ zədəsindən sağaldıqdan sonra avqust ayında yenidən kəskinləşib. Bundan sonra “Real Madrid”də müdafiəçinin cərrahi müdaxiləyə ehtiyacının olduğu qənaətinə gəlinib.