Xalq artisti, görkəmli teatr və kino rejissoru Ramiz Həsənoğlu 80 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri diplom"la təltif edilib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” agentliyinə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qurumun rəhbəri, mədəniyyət naziri Adil Kərimli yubilyar rejissora fəxri mükafatı şəxsən təqdim edib.
Nazir görüş zamanı bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətin inkişafına mühüm töhfələr verib. Xüsusilə, onun lentə aldığı sənədli filmlər Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə böyük xidmət edir.
Tədbirdə iştirak edən sənət dostları — Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, Xalq artistləri İlham Namiq Kamal və Məbud Məhərrəmov çıxış ediblər. Həmçinin, Əməkdar incəsənət xadimləri olan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və kinoşünas Ayaz Salayev də Ramiz Həsənoğlunun zəngin sənət yolundan söz açıblar.