Azərbaycanla matç asan keçmədi. Amma hazır gəlmişdik. Rəqibin nəyə qadir olduğunu bilirdik, ona görə də bizi çətin oyunun gözlədiyinin fərqində idik.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri qonaq komandanın baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan-Avstriya (0:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis Azərbaycan millisini yaxşı analiz etdiyini bildirib: "Rəqibin son iki oyununu izləmişdik. Onlar bugünkü oyunda da yaxşı müdafiə olundular. Açığı, ilk hissədə toparlana bilmirdik. Bu oyunda da Belçika millisi ilə matçda etdiyimiz səhvləri təkrarladıq. İkinci hissədə də rəqibdən yaxşı oynadığımızı deyə bilmərəm. Komandanın üzvlərinə tapşırmışdım ki, heç olmasa bir qol vurmalıyıq. İstəyimizə nail olduq".
O, Azərbaycan millisi ilə oyunda qələbəyə fokuslandıqlarını qeyd edib: "Bizi bu qələbə arxayınlaşdırmamalıdır. Əksinə, daha da qabağa getməliyik".