2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xidmətdən məlumat verilib.
Qeyd edilib ki, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13 faiz artıb. Ödənilən vergilərin 70.9 faizi qeyri-neft-qaz sektorunun, 29,1 faizi isə neft-qaz sektorunun payına düşüb.
2024-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalarda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz, qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalarda isə 12,1 faiz artım qeydə alınıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 100 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artıb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb və 486,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 8,3 faiz artaraq 340,6 milyon manatdan çox təşkil edib.