Son günlər ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti ucqar dağlıq ərazilərdə yerləşən bəzi məktəblərdə şagirdlərin davamiyyətində müvəqqəti fasilələrə səbəb olub. Mövcud vəziyyətlə bağlı rəsmi açıqlama verilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-i məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, ayrı-ayrı bölgələrdə yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi şagirdlərin və pedaqoji heyətin təhlükəsizliyini ön plana çıxarır.
Bu baxımdan çətin relyefə malik ərazilərdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətin qısamüddətli azalması normal hal kimi qiymətləndirilir.
Qurumun açıqlamasında vurğulanıb ki, məktəblərdə dərslərin ümumi şəkildə dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Təlim-tədris prosesi ölkə üzrə mövcud normativ qaydalara uyğun olaraq davam etdirilir.
Eyni zamanda qeyd olunub ki, davamiyyətdə müvəqqəti fasilələrin yarandığı məktəblərdə keçirilməyən dərslərin dərs cədvəlinə uyğun formada kompensasiya olunması üçün müvafiq tədbirlər görüləcək. Bu, təhsil proqramının tam şəkildə icrasını təmin etməyə yönəlib.
Bundan başqa, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təminatı da diqqət mərkəzində saxlanılır. Agentlik bildirib ki, bu sahədə yarana biləcək problemlərin operativ həlli məqsədilə aidiyyəti qurumlarla birgə işçi qrupları formalaşdırılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlil edilir və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülür.
Hazırda ölkə üzrə fəaliyyət göstərən məktəblərin mərkəzləşdirilmiş qaydada və alternativ vasitələrlə – odun, dizel və elektrik radiatorları vasitəsilə istiliklə təmin olunduğu, bu prosesin normal şəkildə həyata keçirildiyi bildirilib.