Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümü üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, tədbir saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.
Püşkatma zamanı Liqa mərhələsini 22-ci pillədə tamamlayan “Qarabağ” futbol klubunun da pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək. Səpələnməmişlər səbətində yer alan Azərbaycan çempionu Fransa təmsilçisi PSJ və ya İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vuran 16 komanda iştirak edir. Turnir cədvəlinin ilk 8 pilləsində qərarlaşan klublar isə birbaşa 1/8 final mərhələsinə yüksəldikləri üçün bu raunddan azad olunublar.
Püşkatmadan öncə komandalar iki səbət üzrə bölünüb.
Səpələnmiş komandalar (9–16-cı yerlər):
“Real” (İspaniya)
“İnter” (İtaliya)
PSJ (Fransa)
“Nyukasl” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Atletiko” (İspaniya)
“Atalanta” (İtaliya)
“Bayer 04” (Almaniya)
Səpələnməmiş komandalar (17–24-cü yerlər):
“Borussiya” Dortmund (Almaniya)
“Olimpiakos” (Yunanıstan)
“Brügge” (Belçika)
“Qalatasaray” (Türkiyə)
“Monako” (Fransa)
“Qarabağ” (Azərbaycan)
“Budyo-Qlimt” (Norveç)
“Benfika” (Portuqaliya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 17–18-də, cavab qarşılaşmaları isə 24–25 fevral tarixlərində keçiriləcək. Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.
1/8 final görüşləri 10–11 və 17–18 martda, 1/4 final matçları 7–8 və 14–15 apreldə baş tutacaq. Yarımfinal qarşılaşmaları 28–29 aprel və 5–6 may tarixlərinə təsadüf edəcək. Mövsümün final oyunu isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.