“Rusiya gələn il MDB-yə sədrliyi dövründə iqtisadi inteqrasiyaya, hərbi əməkdaşlığa və tarixin saxtalaşdırılmasına qarşı mübarizəyə xüsusi diqqət yetirəcək”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında deyib.
“Hərbi və hüquq-mühafizə sahəsində Rusiya həm yeni, həm də ənənəvi çağırışlara birgə mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə, MDB-nin xarici sərhədlərinin möhkəmləndirilməsinə diqqət yetirəcək. Biz MDB-nin müvafiq proqramlarının, o cümlədən hərbi əməkdaşlıq konsepsiyasının və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramının tam şəkildə həyata keçirilməsi üçün lazım olan hər şeyi edəcəyik”, - o bildirib.
V.Putin vurğulayıb ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə böyük əhəmiyyət verir: “Biz tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı koordinasiyalı addımlar atmağı vacib hesab edirik”.
Onun sözlərinə görə, Rusiya sədrliyi dövründə MDB ölkələrinin Parlamentlərarası Assambleyasının fəaliyyətinə əlavə təkan veriləcəyini də gözləyir: “Moskva həmçinin vahid hüquqi məkanın formalaşdırılması üçün qanunvericilər arasında əməkdaşlığın intensivləşdirilməsində, KTMT-nin parlament assosiasiyaları və digər tərəfdaş strukturlarla əlaqələrin gücləndirilməsində maraqlıdır”.
Qeyd edək ki, MDB-nin növbəti sammiti gələn il oktyabrın 8-də Moskvada keçiriləcək.