Xəbər verdiyimiz kimi, Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Xələf Xələfovun dosyesini təqdim edir:
Xələf Alı oğlu Xələfov 21 sentyabr 1959-cu ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunda anadan olub.
O, 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə, 1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.
1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi, 1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi vəzifələrində çalışıb.
1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi,1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, 2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri olub.
2019-2023-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini olub.
2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Alman və rus dillərini bilir.
Evlidir, iki övladı var.
Prezident İlham Əliyevin 24 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Xələf Xələfov Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.