ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşmək niyyətindədir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “The Wall Street Journal” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, tərəflərin bu ilin noyabrında Çinin Şınçen şəhərində keçiriləcək APEC Zirvəsi çərçivəsində görüşməsi ehtimalı nəzərdən keçirilir.
Məlumata görə, Tramp bu istiqamətdə öz məsləhətçilərinə müvafiq təlimatlar verib. Bununla belə, Ağ Ev görüşlə bağlı rəsmi hazırlıq prosesinin hələ başlamadığını açıqlayıb.
Ağ Ev rəsmisi liderlərin “uyğun bir zamanda” görüşəcəyini bildirməklə kifayətlənib.
Trampın Kim Çen Inla görüşmək istəyinin ABŞ və Şimali Koreya arasında diplomatik təmasların yenidən canlandırılması baxımından əhəmiyyətli olduğu qeyd edilir.
Xatırladaq ki, Tramp avqustun 16-da Cənubi Koreya ilə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verib. ABŞ Prezidenti bu qərarını Kim Çen Inla münasibətlərinin yaxşı olması ilə əsaslandırıb.
Tramp daha əvvəl Şimali Koreya liderinin ona hörmət bəslədiyini bildirərək, Kimlə münasibətlərinin əvvəlki ABŞ prezidentləri Barak Obama və Co Baydenlə müqayisədə daha yaxşı olduğunu vurğulayıb.
Donald Tramp və Kim Çen In indiyədək üç dəfə üz-üzə görüşüblər. İlk görüş 2018-ci ilin iyununda Sinqapurda, ikinci görüş 2019-cu ilin fevralında Hanoyda keçirilib. Liderlərin son görüşü isə 2019-cu ilin iyununda Şimali və Cənubi Koreya sərhədində yerləşən Panmuncom kəndində baş tutub.
Əgər yeni görüş reallaşarsa, bu, Trampın ikinci prezidentlik dövründə Kim Çen Inla ilk üz-üzə təması olacaq.