ABŞ-nin İraqdakı səfirliyi ölkə vətəndaşlarını yerli şiə qruplarının Amerika obyektlərinə mümkün hücumları ilə bağlı xəbərdar edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.
Açıqlamada qeyd olunur ki, sözügedən qruplar ABŞ vətəndaşlarına və ABŞ ilə əlaqəli obyektlərə qarşı yeni terror hücumları həyata keçirməyi planlaşdıra bilər. Xüsusilə İraq Kürdüstanı bölgəsinin də risk altında olduğu vurğulanır.
Məlumata görə, aprelin 8-də İraqdakı şiə qrupları Bağdad Beynəlxalq Hava Limanı və ABŞ diplomatik dəstək mərkəzinin yerləşdiyi ərazilərə pilotsuz uçuş aparatları ilə hücum ediblər.
Səfirlik həmçinin bildirib ki, ABŞ və İran arasında elan olunmuş atəşkəsdən sonra ölkənin hava məkanı yenidən açılsa belə, ABŞ vətəndaşlarına İraqa səfər etməkdən çəkinmək tövsiyə olunur.
Qeyd edək ki, regionda gərginliyin davam etməsi təhlükəsizlik risklərini artıran əsas amillərdən biri kimi qiymətləndirilir.