Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Disen "X" sosial şəbəkəsində paylaşım edərək, Qərb ölkələrinin Ukrayna böhranı ilə bağlı yanaşmasını kəskin tənqid edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ekspertin fikrincə, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması sülh sazişinin əsas elementi ola bilərdi, lakin hazırda tətbiq edilən metodlar vəziyyəti daha da gərginləşdirir.
Politoloq qeyd edib ki, Avropa liderləri Rusiya ilə münaqişənin nizamlanması məsələsində qeyri-konstruktiv mövqe nümayiş etdirirlər.
O, son dörd il ərzində təşkil edilən və Rusiyanın dəvət olunmadığı "sülh sammitlərini" səmərəsiz adlandırıb. Disenin sözlərinə görə, bu tədbirlərdə real sülh şərtləri müzakirə olunmur.
“Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya qarşısında absurd tələblər qoyurlar. Bu cür diplomatik gedişlər gələcək danışıqlarda həm Qərbin, həm də Kiyevin mövqelərini pisləşdirir. Qərbin Ukraynadakı uğursuzluqları fonunda səsləndirilən bəyanatlar real vəziyyətlə üst-üstə düşmür”.
Disen əlavə edib ki, Qərb dövlətləri diplomatiya əvəzinə eskalasiya yolunu seçməklə münaqişənin həllini daha da çətinləşdirirlər.