Böyük Britaniyanın İcmalar Palatasının Xarici İşlər Komitəsinin sədri Emily Tornberry Londonun Peter Mandelsonun amerikalı maliyyəçi Cefri Epşteyin ilə əlaqələrini araşdırmağa vaxt tapmadığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, Avropa nəşri “Politico”ya açıqlamasında deyib.
Tornberry qeyd edib ki, Mandelsonun Amerika Birləşmiş Ştatlarına səfir təyinatı məsələsi Donald Trampın andiçmə mərasimindən əvvəl həll edilməli idi.
“Bütün bunlar yanvarın əvvəlində ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi ilə həll olunmalı idi. Vaxt məhdud idi və Milad bayramı idi. Adətən geniş araşdırma aylar çəkir”, – deyə o bildirib.
Komitə sədri əlavə edib ki, Mandelsona müsahibə zamanı ünvanlanan suallar, çox güman ki, qeyri-rəsmi xarakter daşıyıb və bu, hesabatlılığın kifayət qədər aşağı səviyyədə olduğunu göstərə bilər.
Namizədlərin şəxsi məlumatlarının yoxlanılması ilə məşğul olan mütəxəssis Metyu Savill isə vurğulayıb ki, Böyük Britaniyada müsahibələr zamanı yalan detektorlarından istifadə edilmir.
Onun sözlərinə görə, təhlükəsizlik yoxlaması son on ildə tamamilə fəlakətə çevrilib.