Tisza Partiyasının lideri, tezliklə Macarıstanın Baş naziri olacaq Peter Magyar Ukraynadakı macar azlığı üçün daha çox hüquq tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa Şurasının prezidenti Antonio Koşta ilə görüşdə Magyar hazırkı Macarıstan Baş naziri Viktor Orbanın mövqeyi ilə qismən uyğun gələn tələblər irəli sürüb. Bu tələblər, xüsusən də macar azlığının öz ana dilində təhsil almasına dair olub.
Qeyd olunub ki, Magyarın sərt mövqeyi Kiyev və Brüsseli məyus edə bilər, çünki onlar Orbanın gedişinin Ukraynanın Aİ-yə qəbul prosesinə impuls verəcəyinə ümid edirdilər.
Məlumat üçün bildirək ki, Magyar 9 mayda keçiriləcək yeni parlamentin ilk iclasında baş nazir seçiləcək.
Xatırladaq ki, onun partiyası 12 aprel seçkilərində qalib gələrək parlamentdəki yerlərin üçdə ikisindən çoxunu təmin edib.
Son bir neçə ildə Viktor Orbanın istefa verən hökuməti həmçinin Kiyevdən Transkarpatiyadakı macar azlığının hüquqlarını bərpa etməsini tələb edərək, əks halda Ukraynanın Avropa Birliyinə qoşulmasına icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Budapeşt dəfələrlə bildirib ki, 2015-ci ildən sonra orada yaşayan etnik macarlar öz hüquqlarından, o cümlədən mədəniyyət və təhsildə ana dilindən istifadə etmək hüququndan məhrum ediliblər.