Avropanın bir sıra aparıcı ölkələrində alovlanan kütləvi iğtişaşlar və sosial narazılıqlar idarəolunmaz xaosa yaxınlaşır və dərin sistemli böhranın bariz təzahürüdür. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, D.Peskov Avropada geniş vüsət alan iğtişaşların xarakteri ilə bağlı sualı cavablandırarkən kontinentin ciddi sınaqla üz-üzə qaldığını vurğulayıb:
“Bu proseslərin nə dərəcədə tam sistemli olduğunu söyləmək mürəkkəb olsa da, Avropanın miqyaslı və dərin bir böhran yaşadığı artıq inkaredilməz reallıqdır. Fransa kimi aparıcı dövlətin böyük şəhərlərindəki iğtişaşlar xaosa yaxınlaşır və bu dalğanın İtaliyaya, eləcə də digər Avropa ölkələrinə sirayət etməsi prosesin təhlükəli həddə çatdığını göstərir”, – deyə Kremlin rəsmisi bildirib.
Fransadakı kütləvi etiraz aksiyaları yaşayış xərclərinin kəskin artması, yüksək inflyasiya və rəsmi Parisin sosial-iqtisadi siyasətinə qarşı dərin narazılıq fonunda baş verib. Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, ölkə üzrə nümayişlərdə 550 minə yaxın şəxs iştirak edib. Həmkarlar ittifaqları isə küçələrə çıxan etirazçıların sayının 800 mini keçdiyini bildirirlər.
Paris, Lion, Marsel və digər iri şəhərlərdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında şiddətli toqquşmalar, mağazaların qarət edilməsi və kütləvi yandırma halları qeydə alınıb. İğtişaşların kəskinləşməsi fonunda Fransanın daxili işlər naziri Loran Nunes istefa ərizəsini təqdim etsə də, Prezident Emmanuel Makron istefanı qəbul etməkdən imtina edib. E.Makron xalqa ünvanladığı videomüraciətində cəmiyyətin və etirazçıların narahatlıqlarının eşidilməli olduğunu bildirib.
Fransada başlayan sosial narazılıq dalğası zəncirvari reaksiya verərək İtaliya və Albaniyaya da sıçrayıb. Hər iki ölkədə yaşayış xərclərinin artmasına, yanacağın kəskin bahalaşmasına və vergi yükünün ağırlaşmasına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir.