17 fevral 2026-cı ildə ilin ilk Günəş tutulması baş verəcək və bu tutulma halqavari olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Perm Politexnik Universitetinin mətbuat xidməti məlumat yayıb.
Universitetin astronomiya üzrə mütəxəssisi Yevgeni Burmistrovun sözlərinə görə, tutulma zamanı Ay birbaşa Günəşin qarşısından keçəcək, lakin onun diskini tam şəkildə örtməyəcək. Nəticədə Ayın tünd silueti ətrafında parlaq “od halqası” effekti yaranacaq.
Mütəxəssis izah edib ki, bu hadisə Ayın apogeydə – yəni Yer ətrafındakı elliptik orbitinin ən uzaq nöqtəsində olduğu zaman baş verir. Bu zaman Ayın görünən diametri Günəşin görünən diametrindən kiçik olur və Günəş tam örtülmür.
Y.Burmistrov bildirib ki, Günəş tutulmalarının üç əsas növü mövcuddur: halqavari, tam və qismən. Halqavari tutulmada Ay Günəşi tam bağlaya bilmir və “od halqası” effekti yaranır. Tam tutulma zamanı Ay Günəş diskini bütövlükdə örtür və Günəş tacı müşahidə olunur. Qismən tutulmada isə Günəşin yalnız bir hissəsi örtülür.
Onun sözlərinə görə, halqavari tutulmalar nisbətən nadir hadisə sayılır və orta hesabla əsrdə təxminən 14 dəfə baş verir. Bu fenomenin baş verməsi üçün Günəş, Yer və Ay demək olar ki, mükəmməl düz xətt üzrə yerləşməli, Ay isə orbitinin ən uzaq nöqtəsində olmalıdır.