Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirib ki, 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində qalib gələcək xalq olacaq, çünki bu dəfə səsvermədə xalqın səsi saxtalaşdırılmayacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Nikol Paşinyan seçki kampaniyasında iştirak etmək üçün məzuniyyətdə olduğu müddətdə Armavir vilayətinin Parakar kəndində vətəndaşlarla görüşündə çıxış edib.
O bildirib ki, nəticədən asılı olmayaraq, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində xalq qalib gələcək, çünki vətəndaşların səsi oğurlanmayacaq və təhrif edilməyəcək. Baş nazir seçiciləri 7 iyun 2026-cı ildə seçki məntəqələrinə gedərək öz ali hakimiyyətlərini müdafiə etməyə çağırıb.
Nikol Paşinyan həmçinin qeyd edib ki, seçkilərdə əsas mesaj sülh mövzusudur: “Ermənistanda sülh bərqərar olub və bizim vəzifəmiz bu sülhü qorumaqdır”.
Qeyd edək ki, mayın 8-də Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb və iyunun 5-dək davam edəcək. Seçkilərdə 19 siyasi qüvvə — 2 blok və 17 partiya iştirak edir.