Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hazırladığı illik məlumatı müzakirə edərək qəbul edib. Komitə sədri Bahar Muradova sənədi parlamentin plenar iclasında təqdim edib.
Erkən nikahlar və məişət zorakılığı ilə mübarizə
Hesabatda Daxili İşlər Nazirliyinin qabaqlayıcı tədbirləri nəticəsində 2025-ci ildə 90 erkən evliliyə cəhd faktının aşkarlandığı bildirilir. Bu faktlar üzrə 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tətbiq edilib, 57 nəfərlə isə profilaktik söhbətlər aparılıb. Bundan əlavə, 15 qızqaçırma faktı ilə bağlı cinayət işi başlanılıb və 32 şəxs barəsində məsuliyyət tədbirləri görülüb.
İcra orqanları tərəfindən 2025-ci ilin 1 iyul tarixinədək 97 yetkinlik yaşına çatmayan şəxsə nikah yaşının 1 il azaldılmasına icazə verilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 185, 2023-cü ildə isə 249 nəfər təşkil edib.
Məişət zorakılığı və aliment məsələləri
Ötən il Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 558 müraciət daxil olub. Müraciətlər əsasında zorakılığa məruz qalanların 539-u qadın, 83-ü kişi, 515-i isə uşaq olub. Zorakılıq törədənlərin 549-u kişi kimi qeydiyyata alınıb. 2024-cü ildə isə bu sahədə 594 müraciət qeydə alınmışdı.
Aliment öhdəliklərini yerinə yetirməyən 4 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Onlardan 2 344 nəfər inzibati qaydada həbs olunub, 235 halda isə cinayət işi başlanılıb.
Nikah və boşanma statistikası
2025-ci ildə ölkədə 48 546 nikah, 20 675 boşanma faktı qeydə alınıb. Ötən illə müqayisədə nikah və boşanma göstəricilərində azalma müşahidə olunur. Qohum nikahları ilə bağlı isə 2025-ci ilin 1 iyul tarixinədək 1412 fakt qeydə alınıb (2024-cü ildə 2058 fakt). Ən çox qohum nikahı Bakı şəhərində (360) aşkarlanıb.
İqtisadi rayonlar üzrə ən çox boşanma Qarabağ (1590) və Abşeron-Xızı (1504) bölgələrində, ən az isə Dağlıq Şirvan (577) və Şərqi Zəngəzurda (711) qeydə alınıb. Ümumilikdə 2025-ci ildə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərindən 29 746 nəfər yararlanıb.
Qeyd edək ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı hər il Milli Məclisə hesabat təqdim edir. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olunub.