ABŞ mediasının cümə günü məsələ ilə tanış şəxslərə istinadən yaydığı məlumata görə, çərşənbə günü İsrailə uçan təyyarədə kapitanı bıçaqlamaqda şübhəli bilinən “Flydubai” şirkətinin ikinci pilotu radikal baxışlarla bağlı narahatlıqlar səbəbindən Oman tərəfindən uçuşlardan kənarlaşdırılıb.
Oman mediasının məlumatları
“The Wall Street Journal” yazır ki, Oman hakimiyyəti ikinci pilotun ideoloji baxışlarından ehtiyat etdiyi üçün onun uçmasına qadağa qoyub. Bu narahatlıqların “Flydubai” şirkətinə çatdırılıb-çatdırılmadığı məlum deyil.
İstintaqa rəhbərlik edən Birləşmiş Ərəb Əmirlikləri pilotun Omandakı keçmişi ilə bağlı şərh verməyib və davam edən araşdırmanı əsas gətirib. “AnewZ” şərh almaq üçün “Flydubai” və Oman hökuməti ilə əlaqə saxlayıb.
“Fox News”un məlumatına görə, Omanın milli aviaşirkəti “Oman Air” pilotu 2024-cü ildə radikal islamçı məzmunlu saytlara daxil olduğunu aşkar etdikdən sonra uçuşlardan kənarlaşdırıb. “ABC News” isə yüksək rütbəli kəşfiyyat və hüquq-mühafizə rəsmilərinə istinadən yazıb ki, o, həmin il “Oman Air”də ikinci pilot hazırlığı keçərkən təhlükəsizlik riski kimi müəyyən edilib. “AnewZ” yayılan məlumatlarla bağlı “Oman Air”dən də şərh istəyib.
Təyyarədə hücum necə baş verib?
İddia edilən hücum “Flydubai”nin Dubaydan Təl-Əvivə uçan təyyarəsinin havaya qalxmasından təxminən iki saat sonra baş verib. Omanlı ikinci pilotun Hindistan vətəndaşı olan kapitan Smit Maççharı bıçaqladığı bildirilir.
Hadisə zamanı təyyarə təxminən 5 200 metr aşağı enib. Daha sonra sərnişinlər və ekipaj üzvləri şübhəli şəxsi zərərsizləşdiriblər.
Təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının şimal-qərbindəki Təbuk şəhərinə yönəlib və təhlükəsiz eniş edib. Təyyarədə olan təxminən 180 nəfərin, demək olar ki, hamısı israilli olub.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı hücum edən şəxsin “islamçı radikal təlqin”ə məruz qaldığını deyib və onun təyyarəni qəzaya uğratmağı planlaşdırmış ola biləcəyini bildirib.