Hürmüz boğazı yaxınlığında neft tankerinə hücum edildiyi bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata əsasən, xəbərdarlıqlara əməl etməyən tanker hədəfə alınıb.
Məlumata görə, Qətərə məxsus “Al-Rekayyat” adlı gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman marşrutu üzrə hərəkət etməyi planlaşdırıb. Bildirilir ki, gəmiyə istiqamətini dəyişməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, buna əməl olunmayıb və nəticədə tanker hücuma məruz qalıb.
Böyük Britaniya Dəniz Ticarəti Təşkilatı (UKMTO) isə Oman sahilləri yaxınlığında cənub istiqamətində hərəkət edən bir tankerlə bağlı siqnal aldıqlarını təsdiqləyib.
İran rəsmiləri insidentlə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Bununla yanaşı, “Axios” nəşri iki amerikalı rəsmiyə istinadən hücumun İran tərəfindən həyata keçirildiyini iddia edib.
Qeyd olunur ki, hadisə UKMTO-nun Hürmüz boğazındakı Cənub Dəhlizinin əvvəlcədən koordinasiya olmadan istifadə oluna biləcəyini açıqlamasından cəmi bir gün sonra baş verib. İran isə daha əvvəl boğazdan keçən bütün gəmilərin onun icazəsi ilə hərəkət etməli olduğunu bəyan etmişdi.