BƏƏ Prezidentinin baş müşaviri Ənvər Qarqaş İranın Hörmüz boğazı üzərində mümkün nəzarətinin ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, o, bu barədə çıxışı zamanı bildirib.
Qarqaş qeyd edib ki, Hörmüz boğazı üzərində hər hansı bir nəzarət təhlükəli presedent yaradacaq və bu vəziyyət İran tərəfindən siyasiləşdirilə bilər.
Onun sözlərinə görə, boğazdakı hər hansı dəyişiklik təkcə region üçün deyil, həm də enerji və ticarət marşrutları baxımından Avropa üçün ciddi nəticələrə səbəb ola bilər.
Qarqaş bildirib ki, BƏƏ İranın əlində olan bütün vasitələrdən istifadə edə biləcəyini anlayır və Tehranının nüvə proqramı artıq ölkə üçün əsas təhlükələrdən birinə çevrilib.
O vurğulayıb ki, ABŞ və İran arasında yeni qarşıdurma vəziyyəti daha da ağırlaşdıracaq. BƏƏ-nin siyasi həll yolu tərəfdarı olduğunu deyən Qarqaş əlavə edib ki, istənilən razılaşma gələcəkdə yeni problemlər yaratmamalıdır.
“Diplomatik yol tapmaq vacibdir. Bu, gələcəkdə daha çox fəsad yaratmaq bahasına olmamalıdır”, - deyə o bildirib.
Qarqaş həmçinin ABŞ ilə münasibətlərin Fars körfəzi ölkələrinin təhlükəsizlik siyasətində əsas rol oynadığını qeyd edib və Vaşinqtonla əməkdaşlığı milli müdafiənin “onurğa sütunu” adlandırıb.
Avropanın mümkün roluna toxunan müşavir bildirib ki, Hörmüz boğazı ilə bağlı hər hansı Avropa təşəbbüsü yalnız münaqişə başa çatdıqdan sonra aktuallaşa bilər.
O əlavə edib ki, BƏƏ OPEC-in hasilat məhdudiyyətləri səbəbindən iqtisadi itkilərlə üzləşir və son üç ildə təşkilatdan çıxmaq məsələsini nəzərdən keçirib.