2023-2024-cü illərdə Naxçıvan şəhərində bütün avtobuslarda nağdsız ödənişlərə keçiləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.
Bildirib ki, Naxçıvan MR-da qarşıda duran əsas məsələ nağdsız ödənişlərin inkişaf etdirilməsidir.
"Mərkəzi Bankın razılığı və tapşırığı əsasında ictimai nəqliyyatın nağdsız ödənişə keçməsi istiqamətində işlərə başlanıb. Pilot layihə olaraq Naxçıvan şəhərində bir avtobusda nağdsız ödəniş həyata keçirilir. Bir neçə banka təkliflər verməsi ilə bağlı müraciət edilmişdi. “Azər-Türk Bank” tərəfindən təqdim edilən layihə bəyənilib və tətbiqinə başlanılıb. İki manata kart alınan zaman onun bir manatı hesaba oturur. Lakin istənilən bank, pensiya, xarici bank kartı ilə də ödəniş edilə bilər".
E.Əliyev qeyd edib ki, oktyabr ayında bu sistem Naxçıvan şəhərində bütün avtobuslarda tətbiq ediləcək.