Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi işini davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, zirvənin ikinci günündə liderlər alyansın gələcək strategiyaları və qlobal təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparırlar.
Məlumata görə, zirvənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən Prezident Külliyəsində qarşılanan dövlət və hökumət başçıları ikinci günün proqramı çərçivəsində yenidən Beştepədə bir araya gəliblər.
Liderlər strateji qərarların müzakirə olunacağı əsas iclas üçün Prezident Sərgi Salonunda toplaşıblar.
Zirvənin ikinci günündə ən çox diqqət çəkən məqamlardan biri Şimali Atlantika Şurasının iclası ərəfəsində yaşanıb. ABŞ Prezidenti Donald Tramp toplantıda iştirak etmək üçün qaldığı hoteldən ayrılaraq iclasın keçiriləcəyi məkana yollanıb.
İclas zamanı NATO-nun gələcək fəaliyyəti, müdafiə məsələləri və beynəlxalq təhlükəsizlik gündəliyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.