Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan-NATO tərəfdaşlığının qurulmasının 30-cu ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illik yubileyi qeyd edilib.
Azərbaycanın NATO yanında Nümayəndəliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Hərbi Komitəsinin sədr müavini, Alyansın Beynəlxalq Qərargahının, Beynəlxalq Hərbi Qərargahının, Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri, eləcə də NATO-ya üzv və tərəfdaş ölkələrin Alyans yanındakı səfirləri və hərbi nümayəndələri, o cümlədən diplomatik korpusun üzvləri iştirak edib.
Rəsmi qəbulda çıxış edən Azərbaycanın NATO yanındakı nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ordu quruculuğunda və Alyansla tərəfdaşlığın inkişafında tarixi xidmətləri barədə qonaqlara məlumat verib.
Nümayəndəliyin başçısı ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik, rasional və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, ərazisində separatizmə, xarici hərbi qüvvələrin mövcudluğuna son qoyduğunu və bunun münaqişələrin həlli ilə bağlı dünya tarixində görünməmiş hal olduğunu qeyd edib.
Cəfər Hüseynzadə, həmçinin ölkəmizin NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı həm yüksək səviyyəli siyasi dialoqu, həm də praktiki əməkdaşlığı inkişaf etdirdiyini, Alyansla, xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji ixracı, iqlim dəyişikliyi və COP29 çərçivəsində əməkdaşlıq imkanlarını vurğulayıb.
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu haqqında məlumat vermiş və hər iki əlamətdar ildönümün Azərbaycanın həm milli, həm də beynəlxalq müstəvidə sülhə və təhlükəsizliyə sadiqliyinin sübutu olduğunu bildirib.
Daha sonra NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Alyansın Hərbi Komitəsinin sədr müavini general-leytenant Andrew Rohling çıxış edib.
Xüsusi nümayəndə 30 il əvvəl Ümummilli Lider Heydər Əliyevin Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinə (SNT) imza ataraq Azərbaycanla NATO arasında tərəfdaşlığın əsasını qoymasını tarixi addım adlandırıb.
General-leytenant Andrew Rohling çıxışında Azərbaycanın Alyansla praktiki əməkdaşlıqda aktiv fəaliyyət nümayiş etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, xüsusilə Əfqanıstanda Kabil Hava Limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanın NATO-nun Təbii Fəlakətlərə Cavab Tədbirləri üzrə Avro-Atlantik Koordinasiya Mərkəzi (EADRCC) ilə əməkdaşlıq çərçivəsində bu sahədə Alyansa töhfələrini vurğulanıb. A.Rohling, həmçinin Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımın NATO tərəfindən yüksək qiymətləndirildiyini xüsusi olaraq qeyd edib.