2004-cü ildə Yer orbitinə çıxarılan və hazırda atmosfer sürtünməsi səbəbindən sürətlə hündürlük itirən kosmik teleskopun xilas edilməsi planı uğursuzluqla nəticələnib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “NASA” teleskopun orbitini yüksəltmək üçün Arizona mərkəzli “Katalyst Space Technologies” şirkəti ilə 30 milyon dollarlıq müqavilə imzalayıb. Layihəyə əsasən, “LINK” adlı xüsusi kosmik aparatın teleskopa birləşərək onu daha yüksək və təhlükəsiz orbitə çıxarması nəzərdə tutulub.
İyulun 3-də “Northrop Grumman” şirkətinə məxsus “Pegasus XL” raketi ilə orbitə göndərilən “LINK” aparatı uçuşdan dərhal sonra ciddi idarəetmə problemləri ilə üzləşib.
Mütəxəssislərin proqram təminatını yeniləmək və aparatın fırlanma sürətini tənzimləmək cəhdləri nəticə verməyib. Yaranan texniki problemlər səbəbindən “NASA” orbit yüksəltmə missiyasının dayandırıldığını açıqlayıb.
Bununla belə, missiyanın tamamilə nəticəsiz qalmadığı bildirilib. “NASA” rəhbəri Cared İsaakman qeyd edib ki, əldə olunan təcrübə gələcək kosmik missiyalar üçün əhəmiyyət daşıyır.
Missiya dayandırılsa da, “LINK” aparatının teleskopa yaxınlaşma və kenetlenmə texnologiyalarını sınaqdan keçirmək məqsədilə manevrlərini davam etdirəcəyi açıqlanıb.
Qeyd edək ki, qamma şüaları partlayışlarını tədqiq edən “Swift” kosmik teleskopunun yaxın gələcəkdə atmosferə daxil olaraq parçalanacağı gözlənilir.