Rusiya və Ukrayna arasında Qara dəniz hövzəsində hərbi qarşıdurma son günlər daha da intensivləşib. Tərəflər bir-birinin hərbi imkanlarına və iqtisadi fəaliyyətinə təsir edən limanları, eləcə də dəniz nəqliyyat marşrutlarını hədəf almaqda davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiyanın Odessa şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, azı 3 nəfər yaralanıb. Hücum zamanı yeddimərtəbəli yaşayış binasına ziyan dəyib.
Odessa vilayətinin qubernatoru Oleq Kiper bildirib ki, bölgə artıq beşinci gündür intensiv dron və raket hücumlarına məruz qalır. Onun sözlərinə görə, zərbələrin hədəfləri arasında mülki obyektlərlə yanaşı, sənaye və liman infrastrukturu da yer alır.
Məlumata görə, Rusiya son günlər "Böyük Odessa" ərazisində yerləşən dərin su limanlarına hücumları artırıb. Bu limanlar Ukraynanın taxıl və digər məhsullarının ixracında mühüm rol oynayır. Davam edən bombardmanlar nəticəsində liman fəaliyyətlərinin pozulduğu və ticarət marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bildirilir.
Ukrayna tərəfi isə Qara dənizdə Rusiya hərbi logistikasına qarşı əməliyyatlarını genişləndirdiyini açıqlayıb. Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi bildirib ki, bir gecə ərzində ukraynalı operatorlar 20 Rusiya gəmisini hədəfə alıblar. Həmçinin Kiyev qüvvələrinin bir ay ərzində Azov dənizində 116 gəmiyə zərbə endirdiyi iddia olunur.
Rusiya Müdafiə Nazirliyi isə həyata keçirilən hücumların hərbi məqsədlər daşıdığını açıqlayıb. Moskva iddia edir ki, Odessa və Çornomorsk limanlarında Ukrayna ordusu üçün nəzərdə tutulan hərbi yükləri daşıyan obyektlər hədəfə alınıb.