Bu gün Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə “Türk Dünyası Həftəsi” çərçivəsində genişmiqyaslı tədbir keçirilib. Tədbir Türk dünyası ölkələri arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafına həsr olunub və müxtəlif ölkələrdən alimlər, rəsmi şəxslər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə yadda qalıb.
Tədbirlə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçirilən tədbirlər əslində 100 il əvvəl əcdadlarımızın görmək istədiyi ideyaların və fikirlərin bu gün daha geniş şəkildə reallaşdırılması imkanlarının göstəricisidir.
Onun sözlərinə görə, bu proses məhz Azərbaycanda həyata keçirilir və bu, xüsusi əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, Türkoloji Qurultay 100 il əvvəl qarşısında müəyyən məqsədlər qoysa da, həmin dövrdə bu məqsədlərin bir qismi reallaşmayıb:
“Çox təəssüf ki, bunların heç biri baş tutmadı. Amma bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində yenidən Türk Dövlətləri Təşkilatının, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin mənəvi, dil və tarixi dəyərləri üzərindən bu təşkilatlanmanın sosial sementi olacaq, onu bir-birinə daha da qırılmaz tellərlə bağlayacaq bir hadisəyə şahidlik edirik”.
H.Babaoğlu vurğulayıb ki, bu proses Azərbaycan Prezidentinin təşəbbüsləri ilə birbaşa bağlıdır və Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərində irəli sürülən ideyaların davamıdır:
“Azərbaycan Prezidentinin Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə bu təşəbbüsü irəli sürməsi və bunun reallaşması bu gün artıq gerçəkliyə çevrilib”.
Deputat bildirib ki, Türkoloji Qurultayın 100 il əvvəlki ideyalarının o dövrdə siyasi dəstək tapmaması səbəbindən yarımçıq qaldığı tarixi həqiqətdir:
“Əlbəttə ki, bu simvolik hadisə deyil. 100 il əvvəl keçirilmiş bu qurultay özünə siyasi çətir tapa bilmədiyi üçün, siyasi hami tapa bilmədiyi üçün yarımçıq qaldı. Qurultay iştirakçılarının demək olar ki, hamısı repressiyalara məruz qaldı.”
Onun sözlərinə görə, bu gün isə Türk Dövlətləri Təşkilatı çərçivəsində həmin ideyaların reallaşması üçün münbit siyasi mühit formalaşıb:
“Bu gün Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, 2021-ci ildə Türk Dövlətləri Təşkilatına çevrilmiş bu güclü struktur artıq türkoloji qurultayın 100 il əvvəlki tezislərini reallaşdırmaq imkanları yaradır”.
H.Babaoğlu əlavə edib ki, Azərbaycan xalqı öz tarixi dəyərlərini gələcəyin dəyərlərinə çevirmək istiqamətində mühüm addımlar atır:
“Bu gün Azərbaycan xalqımızın keçmişdən gələn ortaq dəyərlərini inkişaf etdirərək gələcəyin dəyərlərinə çevirmək üçün addımlar atır”.
O bildirib ki, Azərbaycan Prezidentinin çıxışlarında səsləndirilən fikirlər bu prosesin strateji mahiyyətini göstərir:
“Türk dünyası bizim ailəmizdir, çünki başqa ailəmiz yoxdur” fikri bu gün 100 il əvvəlki arzuların müasir siyasi reallıqda birləşməsi deməkdir”.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə birlikdə yeni dünya nizamında güc mərkəzlərindən birinə çevrilə bilər:
“Azərbaycan Prezidenti qeyd edib ki, yeni formalaşan dünya nizamında Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə birlikdə güc mərkəzlərindən birinə çevrilə bilər. Bu istiqamətdə atılan addımlar da məhz bu məqsədə xidmət edir”.
H.Babaoğlu vurğulayıb ki, tədbirin Qarabağda – Şuşa, Xankəndi və Ağdamda davam etdirilməsi xüsusi rəmzi məna daşıyır:
“Bu, qələbənin və zəfərin necə əldə edildiyini göstərən, eyni zamanda Türk dünyası üçün yeni imkanlar açan mühüm bir hadisədir”.