Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclisdə turizmin inkişaf perspektivləri müzakirə edilib - FOTOLAR

7 dəq
Paylaş:
Milli Məclisdə turizmin inkişaf perspektivləri müzakirə edilib - FOTOLAR

Fevralın 27-də parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə "Azərbaycanda turizmin mövcud vəziyyəti və perspektivləri" mövzusunda ictimai dinləmə keçirilib.

Milli Məclisdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Azərbaycanda turizmin müasir inkişafının cənab İlham Əliyevin bu sahəyə qayğısı ilə bağlı olduğunu deyən Musa ölkəmizdə turizmin inkişafı istiqamətində icra olunan infrastruktur layihələrindən, dövlət proqramlarından və qəbul olunan qanunvericilik bazasından danışıb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə milli-mədəni irsin qorunması və təbliği layihələrinin həyata keçirilməsi, mədəni-humanitar platformaların təşkili Azərbaycanın ölkə kimi tanıdılmasına və turizm brendinin güclənməsinə mühüm töhfələr verib.

Komitə sədri bildirib ki, Azərbaycanda turizm infrastrukturu ildən-ilə genişlənir və müasirləşir, həm daxili, həm də xarici turistlər üçün daha cəlbedici olur. Turizmin müxtəlif növləri, o cümlədən sağlamlıq, mövsümi, regional, mədəni və işgüzar turizm üzrə inkişaf müşahidə edilir.

Qeyd olunub ki, Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır, lakin hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər. O, dinləmədə aparılacaq müzakirələrin uğurlu və faydalı olacağına inamımı ifadə edib.

Sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək, Azərbaycanda turizmin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, ölkəyə səyahətin asanlaşdırlması tədbirlərindən bəhs edib.

Agentliyin sədri çıxışında son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistik göstəricilərinin müsbət dinamikasını diqqətə çatdırıb.

Qeyd olunub ki, 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı ilk dəfə 5,3 faizə yüksəlib.

Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib. Artan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın turizm sektoru davamlı inkişafını qoruyur və qeyri-neft iqtisadiyyatının strateji dayaqlarından birinə çevrilir.

Fuad Nağıyev turizm sektorunun qarşılaşdığı bir sıra çağırışların və aktual məsələlərin həlli ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycanda turizmin, xüsusən sağlamlıq və istirahət turizminin inkişafı potensialından söz açıb.

O, vurğulayıb ki, ölkənin zəngin təbii resursları, iqlim müxtəlifliyi, müalicəvi suları, tarixi və mədəni irsi, eləcə də qonaqpərvərlik ənənələri bu sahənin genişlənməsi üçün möhkəm zəmin yaradır.

O, son illər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında aparılan institusional islahatlardan, idarəetmənin təkmilləşdirilməsi, infrastrukturun müasir tələblərə uyğunlaşdırılması və göstərilən xidmətlərin yüksəldilməsi ilə bağlı görülən işlərdən danışıb.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Göydəniz Qəhrəmanov “Azərbaycanda turizmin müasir inkişaf mərhələsi: infrastruktur və hüquqi mexanizmlər” mövzusunda təqdimatla çıxış edib.

Göydəniz Qəhrəmanov Azərbaycanda turizm sahəsində aparılan institusional islahatlardan, həyata keçirilən infrastruktur layihələrindən söz açaraq qeyd edib ki, beynəlxalq tanıtım tədbirləri, xidmət keyfiyyətinin yüksəldilməsi və turizm məhsullarının şaxələndirilməsi Azərbaycanın bu sahədə rəqabət qabiliyyətini gücləndirsə də, qiymət, aviasiya, logistika və mövsümiliklə bağlı məsələlər əlavə diqqət tələb edir. O, turizmin davamlı inkişafı üçün aviasiya və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, mövsümi asılılığın azaldılması, regionlarda tematik turizm məhsullarının yaradılması, daxili turizmin stimullaşdırılması kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndirib.

Sonra dinləmədə “Azərbaycanda turizmin inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edən Dövlət Turizm Agentliyinin şöbə müdiri Günay Bayramova slaydlar vasitəsilə ölkəmizdə turizmin inkişafına mane olan amillər və onların aradan qaldırılması yolları barədə danışıb.

Daha sonra tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hazırladığı videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları videoçarx vasitəsilə Azərbaycan ərazisində fəaliyyət göstərən müalicə, sağlamlıq və istirahət mərkəzlərində yaradılmış şərait və müalicə prosedurları ilə tanış olublar.

Dinləmədə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə tibbi turizmin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Komitə sədri müasir dövrdə tibbi turizmin əhəmiyyəti barədə fikirlərini bölüşüb, Azərbaycanda bu sahənin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə tibbi turizmin inkişafı üçün tədbirlər planının hazırlanmasının vacibliyindən danışıb, həmçinin bunun üçün Azərbaycanda fəaliyyət göstərən klinikaların beynəlxalq akkreditasiyadan keçməli olduğunu qeyd edib.

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu turizmi mədəniyyətin bir parçası kimi xarakterizə edib.

O, turizm sahəsinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini və torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilərdə tikilən hava limanlarının, otellərin, yaradılan infrastrukturun da turizmin inkişafına xidmət etdiyini qeyd edib. Komitə sədri çıxışında ölkəmizdə mətbəx turizminin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Dinləmədə aparılan müzakirələrdə iştirak edən Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Nigar Məmmədova, Əli Məsimli, Jalə Əliyeva, Vüqar Bayramov, Azər Allahverənov, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası sədri Tural Musayev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, “Kurort” QSC baş direktoru Çingiz Hacıyev, “Luna Travel” turizm şirkətinin rəhbəri Rəhman Quliyev, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova ölkəmizdə turizmin inkişaf perspektivləri barədə qeyd və təkliflərini bildiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax