Milli Məclis Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar bir sıra vergi güzəştlərinin tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Bununla bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, layihədə WUF13-ün yüksək səviyyədə təşkili zərurəti əsas götürülərək, tədbirlə əlaqədar qeyri-rezident şəxslər üçün vergi azadolmalarının tətbiqi məqsədəuyğun sayılıb.
Təklif olunan vergi güzəştlərinə aşağıdakılar daxildir:
WUF13 çərçivəsində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunan qeyri-rezident fiziki şəxslərin bu fəaliyyətlərdən əldə etdikləri gəlirlər üzrə gəlir vergisindən azadolma;
Qeyri-maddi aktivlər üzrə müəllif hüquqlarından istifadə və ya istifadə hüquqlarının verilməsi ilə bağlı müqavilələr əsasında qeyri-rezident hüquqi şəxslərə ödənilən royalti gəlirlərinin mənfəət vergisindən azad edilməsi;
Qeyri-rezident hüquqi şəxslərin işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlərə mənfəət vergisi güzəşti;
Müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən iş və xidmətlərin icrası, eləcə də müvafiq təsdiqedici sənəd əsasında malların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) azadolma.
Bildirilib ki, bütün vergi güzəştləri və azadolmalar müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə tətbiq ediləcək. Güzəştlərin 2025-ci il sentyabrın 1-dən etibarən 1 il ərzində qüvvədə olması nəzərdə tutulur.
Müzakirələrin yekununda Vergi Məcəlləsinə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.