Meksika Kitodakı səfirliyinə basqın edən Ekvadordan Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Meksikanın xarici işlər naziri Alicia Barcena mətbuat konfransında Ekvadorun səfirliyə basqınla beynəlxalq hüququn əsas prinsip və normalarını pozduğunu bildirib.
Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etdiklərini və Ekvadorun Meksikadan açıq şəkildə üzr istəyənə qədər BMT üzvlüyünün dayandırılmasını tələb etdiklərini ifadə edən Barcena, "beynəlxalq hüquqa baxmayaraq, səfirliyimizin toxunulmazlığı açıq şəkildə pozuldu, diplomatlarımıza hücum edildi. Ekvador mütləq şəkildə mühakimə olunmalıdır",- deyə vurğulayıb.
Ekvadorun nümunəvi cəzalandırılması lazım olduğunu bildirən Barcena, bu cür basqınların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin Ekvadoru açıq şəkildə qınamasının vacib olduğunu bildirib.
Barcena Ekvadorla azad ticarət razılaşması və ticarət əlaqələrini dayandırmaq qərarına gəldiklərini qeyd edib.