Filippin ABŞ-ni Venesuela ətrafında yaranmış vəziyyətdə beynəlxalq hüquqa riayət etməyə çağırıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Filippinin Xarici İşlər Nazirliyi ABŞ-nin hərbi əməliyyatı və Venesuela lideri Nikolas Maduronun həbsi ilə bağlı yaydığı bəyanatda bildirib.
Bəyanatda qeyd olunub ki, Filippin Venesuelada baş verən hadisələri və onların regionda sülh və sabitliyə, eləcə də qaydalara əsaslanan beynəlxalq nizama mümkün təsirini narahatlıqla izləyir. ABŞ-nin təhlükəsizliklə bağlı mövqeyini nəzərə almaqla yanaşı, Manila dövlətlərin müstəqilliyi və suveren bərabərliyi, mübahisələrin dinc yolla həlli, güc tətbiqi və ya güc tətbiqi hədəsinin yolverilməzliyi, eləcə də suveren dövlətlərin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərini vurğulayıb.
XİN-in açıqlamasında bildirilib ki, Filippin bütün aidiyyəti tərəfləri BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquqa hörmət etməyə, münaqişənin eskalasiyasının qarşısını almaq üçün təmkin nümayiş etdirməyə və Venesuelada sülh və asayişin bərpasına çağırır.
Nazirlik həmçinin Venesuelada və qonşu ölkələrdə yaşayan filippinlilər də daxil olmaqla, bütün insanların təhlükəsizliyinin və rifahının təmin olunmasının vacibliyini xüsusi qeyd edib.