İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyinə dair yayılan məlumatları təkzib edib. O, fəaliyyətini əvvəlki qaydada davam etdirəcəyini bəyan edib.
Xarici KİV-də yer alan xəbərlərə görə, Pezeşkian öz mövqeyini belə ifadə edib: “Ya güclə irəliləyəcəyik, ya da şəhid olacağıq. Hər iki halda bu bizim üçün qələbədir”. Prezident öz həyatını Ali Rəhbər Əli Xameneinin həyatından üstün tutmadığını qeyd edərək, ölkədəki çətinliklərin aradan qaldırılması üçün vəzifə başında qalmağın vacib olduğunu bildirib.
Sözügedən açıqlama “Iran International” telekanalının Pezeşkianın istefa vermək niyyətində olması və bu barədə Ali Rəhbərin ofisinə məktub göndərməsi ilə bağlı yaydığı xəbərdən bir neçə saat sonra verilib.
İran hökuməti yayılan iddiaları dərhal rədd edib. Hökumət sözçüsü Fatemeh Mohajerani bu məlumatların ölkədə sabitliyi pozmağa hesablanmış dezinformasiya kampaniyasının bir parçası olduğunu bəyan edib.