Rusiya ordusunun gecə saatlarından etibarən paytaxt Kiyev də daxil olmaqla ölkənin müxtəlif bölgələrinə həyata keçirdiyi raket hücumları nəticəsində azı 13 nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki,hücumlar nəticəsində 31 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, hücumlar yerli vaxtla saat 02:23-dən başlayıb və paytaxt ballistik raketlərlə hədəfə alınıb.
Onun sözlərinə görə, şəhərin iki rayonunda dağıntılar qeydə alınıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin açıqlamasına əsasən, Kiyevə edilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Kiyev vilayətinin Skıbin kəndinə endirilən zərbə zamanı isə 5 nəfər xəsarət alıb.
Dnepropetrovsk vilayətinin Raduşne kəndində baş verən hücum nəticəsində, o cümlədən 2 uşaq olmaqla 5 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Poltava vilayətindəki hücumda 1 nəfər ölüb, Lvov şəhərinə endirilən zərbələr zamanı isə ən azı 8 nəfər yaralanıb.
Krivıy Riq Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkulun verdiyi məlumata görə, şəhərin kənarında yerləşən Novopil yaşayış məntəqəsinə raket hücumu nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub, 2-si uşaq olmaqla 8 nəfər yaralanıb.
Rəsmilər bəzi bölgələrdə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücumlardan əvvəl etdiyi çıxışda Rusiyanın gecə ərzində ölkəyə genişmiqyaslı hava zərbələri endirə biləcəyi barədə xəbərdarlıq etmişdi.