ABŞ dövlət katibi Marko Rubio Vaşinqton və Tehran arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Rubio İsveçdə keçirilən NATO Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.
“Davam edən müzakirələrdə müəyyən irəliləyişlər olub. Şişirtmək istəmirəm, amma müəyyən irəliləyişlər var və bu, normaldır. Əsas məsələlər isə dəyişməz qalır. İran nüvə silahına sahib ola bilməz”, - deyə o bildirib.
Rubionun sözlərinə görə, bu məsələnin həlli üçün yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla uranın zənginləşdirilməsi problemi aradan qaldırılmalıdır.
O, həmçinin Hörmüz boğazı məsələsinə toxunaraq bildirib ki, İran burada ödəniş sistemi tətbiq etməyə çalışır.
“Onlar Omanı beynəlxalq su yollarının ödənişli olması ideyasına qoşulmağa inandırmağa çalışırlar”, - deyə Rubio qeyd edib.
ABŞ dövlət katibi vurğulayıb ki, heç bir ölkə beynəlxalq su yollarında belə yanaşmanı qəbul etməməlidir.