Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyətə dair yeni açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi “RİA Novosti”yə müsahibəsində İranın zənginləşdirilmiş uran ehtiyatlarının hələ də ölkə ərazisində yerləşən nüvə obyektlərində saxlanıldığını bildirib.
Məlumata görə, Qrossi mövcud məlumatlar əsasında həmin materialların məhz qeyd olunan obyektlərdə olması ilə bağlı “ağlabatan ehtimalların” mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, bu məlumatların tam təsdiqi üçün müvafiq nüvə obyektlərinə yenidən giriş və yerində yoxlamaların aparılması vacibdir.
Bildirilir ki, yalnız genişmiqyaslı inspeksiya prosesindən sonra dəqiq nəticələrə gəlmək mümkün olacaq.
Məsələ ilə bağlı ABŞ rəsmiləri də müxtəlif açıqlamalar veriblər. ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə uzunmüddətli “nüvə şəffaflığı”nın təmin olunması məqsədilə beynəlxalq inspeksiyalara razılıq veriləcəyini ehtimal edib.
Eyni zamanda, ABŞ Vitse-prezidenti Cey Di Vens İsveçrədə keçirilən ABŞ–İran danışıqlarının yekunlarına əsaslanaraq, Tehranın MAQATE müfəttişlərinin ölkəyə girişinə dair öhdəlik götürdüyünü bildirib.