Fransa Prezidenti Emmanuel Makron prezidentliyi dövrünün sonuna qədər ölkənin müdafiə büdcəsini 64 milyard avroya yüksəltmək niyyətində olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Makron bu barədə İstr aviabazasında hərbçilər qarşısında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, əvvəlcə 2030-cu ilə planlaşdırılan bu hədəfə artıq 2027-ci ilə qədər nail olunması nəzərdə tutulur.
“İstəyimi bildirdim ki, 2027-ci ilə qədər illik müdafiə büdcəsinin həcmi 64 milyard avroya çatdırılsın. Beləliklə, iki prezidentlik müddəti ərzində silahlı qüvvələrin büdcəsi iki dəfə artırılmış olacaq”, – deyə Fransa lideri vurğulayıb.
Makron qeyd edib ki, yaxın vaxtlarda 2024–2030-cu illəri əhatə edən hərbi proqramlaşdırma haqqında qanuna yenidən baxılacaq. Hazırkı sənəd Fransız ordusu üçün ümumilikdə 413 milyard avroya qədər vəsait ayrılmasını nəzərdə tutur. Prezident bildirib ki, yenilənmiş qanunun 14 iyul tarixinədək qəbul edilməsi planlaşdırılır.