Heydər Əliyev Fondu, "PASHA Holding" və "PMD Projects"in təşkilatçılığı ilə Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Azərxalça" ASC-nin Şabran filialında baş tutan və Leyla Əliyevanın iştirak etdiyi mərasimdə, yaradıcı heyət və usta toxucuların birgə zəhməti nümayiş etdirilib.
Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə yaxından tanış olub, toxucularla söhbət edib. O, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim prosesində şəxsən iştirak edib.
Şuşa Məscidi Üçün Hazırlanan Xalçaların Unikal Göstəriciləri
Məscidin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Hər birinin eni 12 metr, uzunluğu 19 metr olan iki xalçanın ümumi uzunluğu 38 metr təşkil edir.
Məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsindən ötrü hazırlanan bu iki xalçanın toxunmasına 2025-ci il yanvarın 21-də başlanılıb. Şabranda toxunan sənət əsərlərinin ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib və onlar ümumilikdə 50 milyona yaxın ilmə atıblar.
Azərbaycan xalçaçılıq sənətinin yüksək peşəkarlığını və zəngin bədii irsini özündə əks etdirən xalçaların tam şəkildə toxunması üçün xüsusi texnoloji yanaşma tətbiq edilib. Bu məqsədlə xaricdən dəvət olunmuş mütəxəssis qrupu tərəfindən məhz "Azərxalça" ASC üçün yeni və fərqli üslubda iki dəzgah hazırlanıb.
Dünya Xalçaçılıq Tarixində Analoqu Olmayan Sənət Əsəri
Xatırladaq ki, Şuşa məscidinin birinci mərtəbəsi üçün hazırlanmış, diametri 22,17 metr olan və ümumdünya xalçaçılıq tarixində analoqu olmayan dairəvi əl xalçasının kəsilməsi mərasimi də bu ay Leyla Əliyevanın iştirakı ilə keçirilmişdi.
"Qarabağ" xalça qrupuna aid motivlər və "Xətai" ornamentləri əsasında hazırlanan həmin nadir sənət əsərinin toxunma prosesində 150 toxucu xanım iştirak edib. Xalçaya təxminən 60 milyon ilmə vurulub.