Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin İrana qarşı hərəkətlərinin Xəzər dənizi regionuna mənfi təsir göstərdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lavrov bu barədə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında danışıb.
Məlumata görə, o qeyd edib ki, ABŞ-nin İrana qarşı “təxribatsız silahlı təcavüzü” Xəzər dənizi və onun sahil bölgələri üçün ciddi mənfi nəticələr doğurub. Lavrovun sözlərinə görə, Xəzər regionu sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır.
Bildirilib ki, rusiyalı nazir həmçinin İran əleyhinə koalisiyanın 18 mart tarixində Ənzəli dəniz limanının infrastrukturuna hücumunu qəbuledilməz adlandırıb. O vurğulayıb ki, həmin liman Xəzəryanı beş ölkənin ticarət və logistika maraqlarına xidmət edir.
Lavrov əlavə edib ki, regionda gərginliyin artması ümumi təhlükəsizlik və iqtisadi əlaqələrə zərər vurur və Xəzər dənizində sabitliyin qorunması vacibdir.