İran Hörmüz boğazından tranzit keçid etmək niyyətində olan bütün gəmilərin "Fars Körfəzi Su Yolu İdarəetmə Qurumu"na müraciət etmələrini tələb edib. Xarici mediada yayılan məlumatlara görə, SEPAH tərəfindən verilən bəyanatda gəmi sahibləri və kapitanların boğazdan keçid icazəsi almaq üçün sözügedən qurumun sistemində qeydiyyatdan keçməli olduqları vurğulanıb.
Açıqlamaya əsasən, sistemə daxil olan müraciətlər araşdırılır və yalnız təsdiq alan gəmilərin boğazdan keçməsinə icazə verilir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə dövründə İran Hörmüz boğazını bağlamış, icazəsiz hərəkət edən gəmilərə qarşı raket və pilotsuz uçuş aparatlarından istifadə etmişdi.
Hazırda İran parlamentində boğazdan keçid üçün rüsum alınmasını nəzərdə tutan qanun layihəsi üzərində iş aparılır. Layihənin yaxın vaxtlarda səsverməyə çıxarılması planlaşdırılır. Qeyd edək ki, İran keçən ay boğazdakı keçidləri tənzimləmək və rüsum mexanizmini formalaşdırmaq məqsədilə "Fars Körfəzi Su Yolu İdarəetmə Qurumu"nun yaradıldığını elan etmişdi.