“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan Premyer Liqası və Ağdam klubundan ayrılması barədə danışıb. 26 yaşlı polşalı futbolçu Polşa mediasına müsahibəsində ölkəsinin çempionatını daha güclü saydığını bildirib.
“Azərbaycan liqası haqqında pis danışmaq istəmirəm, amma yenə də düşünürəm ki, Ekstraklasa daha güclüdür”, – Koxalski deyib. O, daha əvvəl “Goal” nəşrinə müsahibəsində Polşa çempionatında istisnasız hər şeyin Azərbaycandakından yaxşı olduğunu söyləmişdi.
Qapıçının sözlərinə görə, “Qarabağ”ın Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçi transfer etməsi əsas heyətdəki yerini təhlükə altına salıb. Koxalski klubun onun transferi üçün əvvəlcə 2,5 milyon avro tələb etdiyini, sonradan tərəflərin razılığa gəldiyini bildirib. O, “Qarabağ”ın yüksək məbləğli yeni müqavilə təklifini qəbul etməyib. “Transfermarkt” keçidin 500 min avroya baş tutduğunu qeyd edib.
Polşalı futbolçu ölkəsinə qayıtmaq qərarında ailəsinə yaxın olmaq istəyinin də rol oynadığını söyləyib. Nişanlısının təhsili səbəbindən Azərbaycana yalnız qısa müddətə gələ bildiyini qeyd edən Koxalski, “Qarabağ”la Çempionlar Liqasında qazandığı qələbələri karyerasının unudulmaz anları adlandırıb.
2024-cü ildə “Qarabağ”a qoşulan Koxalski 2026-cı ilin yayında klubdan ayrılaraq Polşanın “Veçista” (Krakov) komandasına keçib.
Kontekst
Oktyabrın 15-də Koxalski “Goal” nəşrinə müsahibəsində Polşa Ekstraklasasının Azərbaycan Premyer Liqasından üstün olduğunu bildirmişdi.