Fevralın 13-dən martın 12-dək olan dövrdə dünyada 4 milyondan artıq insan koronavirus infeksiyasına yoluxub, təqribən 28 min nəfər bu xəstəlik nəticəsində ölüb. Ölüm hallarının sayı əvvəlki 28 gün ilə müqayisədə 57 faiz, yoluxmaların sayı isə 40 faiz azalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir.
ÜST-nin məlumatına görə, dünyada dörd həftə ərzində 4 069 065 yoluxma və 27 955 ölüm faktı qeydə alınıb.
Ötən 28 gün ərzində daha çox yoluxanlar ABŞ-də aşkarlanıb - 919 961 nəfər. Sonrakı yerlərdə Yaponiya (380 898), Çin (370 020), Rusiya (350 376) və Almaniyadır (338 306). ABŞ-də daha çox ölüm halları 13 fevraldan 12 mart tarixinədək olan dövrdə qeydə alınıb - 9 303 nəfər. Bu siyahıda sonrakı yerləri Yaponiya (2 598), Böyük Britaniya (2 217), Braziliya (1 648) və Çin (1 586) tutur.