İranın ali lideri ayətullah Əli Xamenei ABŞ-nin İslam Respublikasına qarşı törədə biləcəyi hər hansı hərbi təcavüzün genişmiqyaslı regional münaqişəyə çevriləcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.
İran liderinin sözlərinə görə, rəsmi Tehran müharibəyə başlamaq niyyətində deyil və digər ölkələrə hücum etməyi planlaşdırmır.
Lakin o, ölkəsinin hər hansı təcavüzkara qarşı qətiyyətli müqavimət göstərəcəyini vurğulayıb:
"İran xalqı ona hücum edən və zərər vuran hər kəsə sarsıdıcı cavab verəcək".
Xamenei həmçinin İran xalqını ABŞ Prezidenti Donald Tramp tərəfindən Yaxın Şərqə əlavə hərbi qüvvələrin göndərilməsi ilə bağlı verilən bəyanatlardan qorxmamağa çağırıb.
Xatırladaq ki, yanvarın 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə doğru hərəkətə başlayıb. Gəminin artıq İrana gedən yol üzərindəki Malakka boğazına daxil olduğu bildirilir.