“Qarabağ”ın sabiq hücumçusu Juninyo Meksika çempionatında çıxışını davam etdirir. “Globo Esporte”nin məlumatına görə, hazırda “Pumas”da oynayan braziliyalı futbolçu Apertura turnirinin 12-ci turunda “Atlante” ilə qarşılaşmada dubl edib. O, komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub.
29 yaşlı hücumçu bununla cari turnirdə vurduğu qolların sayını səkkizə çatdırıb və bombardirlər siyahısında ikinci pilləyə yüksəlib. Siyahıya 12 qolla venesuelalı Salomon Rondon başçılıq edir.
Juninyo son üç qarşılaşmada dörd qol vurub və bir məhsuldar ötürmə edib. O, cari mövsümdə 15 oyunda səkkiz dəfə fərqlənib.
“Qol vurduğuma və xüsusilə komandamızın qələbə qazanmasına çox sevinirəm. Son oyunlarda yaxşı çıxış etsək də, istədiyimiz nəticələri əldə edə bilmirdik. Ardıcıl qarşılaşmalarda fərqlənməyim gərgin əməyin və komanda yoldaşlarımın köməyinin nəticəsidir. Ümid edirəm ki, bu tempi davam etdirəcəyik”, – Juninyo bildirib.
Braziliyalı futbolçu 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, 2025-ci ilin yanvarında Ağdam təmsilçisindən Braziliyanın “Flamenqo” klubuna beş milyon avroya transfer olunub.
Juninyo 2025-ci ildə “Flamenqo” ilə Braziliya çempionluğunu və Libertadores Kubokunu qazanıb. Hücumçu 2026-cı ilin əvvəlində eyni məbləğ qarşılığında “Pumas”a keçib.