İsrail parlamenti (Knesset) oktyabrın 27-də keçiriləcək ümumi seçkilər öncəsi fəaliyyətini başa vurub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Knessetdə keçirilən səsvermə zamanı parlamentin buraxılmasını nəzərdə tutan qanun layihəsi yekdilliklə qəbul edilib. Bununla da qanunverici orqanın dörd illik səlahiyyət müddəti başa çatıb.
Knesset sədri Amir Ohana bildirib ki, bu müddət ərzində doqquz büdcə layihəsi və yüzlərlə qanun qəbul olunub. O, deputatlara göstərdikləri etimada görə təşəkkür edib.
Məlumata görə, İsrail siyasi tarixində hökumətin və parlamentin tam dörd illik müddəti başa vurması nadir hadisə hesab olunur. Ölkədə bu hal sonuncu dəfə 1988-ci ildə qeydə alınıb.
Qeyd edilir ki, Baş nazir Binyamin Netanyahu 2022-2026-cı illəri əhatə edən hakimiyyət dövründə ilk dəfə seçkilərə getmədən parlament müddətini tamamlayıb. İsrail Demokratiya İnstitutunun məlumatına əsasən, ölkədə seçkilər orta hesabla hər 2,4 ildən bir keçirilir.