“İsrail ordusu Qəzza təhlükəsizlik zonasında daimi qalacaq”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Israel Katz bildirib.
İsrailin müdafiə naziri hərbi akademiya zabitlərinin məzuniyyət mərasimində çıxışı zamanı qeyd edib ki, hazırkı siyasət təşəbbüskarlıq, qətiyyət, təhdidlərin aradan qaldırılması və ölkə sərhədlərinin qorunmasına əsaslanır.
“İsrail Müdafiə Qüvvələri əbədi olaraq Qəzza təhlükəsizlik zonasında qalacaq”, – deyə o vurğulayıb.
Katz düşmənləri İsrailin qətiyyətini sınağa çəkməməyə çağırıb və bildirib ki, əks halda onlar vahid xalq və güclü, qalib ordu tərəfindən cavab alacaqlar.
Nazir əlavə edib ki, Yəməndəki husi qruplaşmasının rəhbərliyinə qarşı əməliyyat keçirilib, həmçinin İranda İsrail dövlətinin məhv edilməsinə yönəlmiş təhdidlərə qarşı tədbirlər görülüb.
“Gələcəkdə İsrailin məhv edilməsinə yönələn heç bir təhdidə dözməyəcəyik və yaxın və ya uzaqdan asılı olmayaraq istənilən təhlükəyə qarşı hərəkətə keçəcəyik”, – deyə Katz bəyan edib.