İsrail ordusunun sözçüsü Aviçay Adraee ABŞ-nin "X" sosial şəbəkə platformasındakı hesabında Livanın cənubunda həyata keçirilən dağıntılar barədə yeni məlumatlar paylaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hərbçiləri bölgədə 50-dən çox binanı və digər tikililəri partladaraq məhv ediblər.
Adraee iddia edib ki, hədəfə alınan obyektlər arasında "Hizbullah" qruplaşmasına məxsus binalar da var.
O, həmçinin basqın edilən binaların birində partlayıcı qurğular, silah və sursat aşkarlandığını vurğulayıb.
Sözçü siyasi rəhbərliyin göstərişlərinə əsasən hücumların davam edəcəyini qeyd edərək xəbərdarlıq edib.
İsrail ordusu martın 2-dən etibarən Livana intensiv hava hücumları həyata keçirərək cənubdakı bir çox ərazini nəzarətə götürüb.
Livan hökumətinin məlumatına görə, bu müddət ərzində ölkədə məcburi köçkünlərin sayı 1 milyon 162 mini ötüb.
ABŞ prezidenti Donald Tramp aprelin 17-də qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını elan etmişdi.
Bütün bu razılaşmalara baxmayaraq, İsrail ordusunun Livanın cənubundakı hərbi əməliyyatları səngimir.